
İnsan,
yalnız bir neçə dəqiqə ərzində üzərində yaşadığı dünyanı və özünə
həyat verən şeyləri diqqətli şəkildə düşündüyündə heyrətə düşəcəkdir.
Nəhəng boyda qalaktikaları saxlayan bir boşluqda, ucsuz-bucaqsız
böyüklükdəki qalaktikalardan birinin içində olan, həyat üçün xüsusi
olaraq var edilmiş bir planet üzərində yaşayır. Bu planet, yəni
Dünya, ucsuz-bucaqsız boşluğun içində heç dayanmadan dönür,
kainatdakı milyardlarla ulduzdan yalnız biri olan Günəş yenə eyni
boşluq içində yer üzünə şüalar göndərir, bu şüalar sayəsində Dünya
isinir, qida dövranı, su dövranı, azot dövranı reallaşır; insan,
heyvan, bitki və mikroorqanizmlərlə birlikdə özünə təmin edilən
saysız səbəb vəsiləsiylə yaşaya bilir. Milyonlarla, milyardlarla
incəlik bir araya gətirilmiş, ən gözəl və ən qüsursuz şəkli ilə
insana təqdim edilmişdir. Bəziləri insanın yaşaması üçün lazım olan
ehtiyacları qarşılayarkən, bəziləri də bir gözəllik, bir nemət
olaraq ona ikram edilmişdir. Bu incəliklərin hər biri bir sənətdir,
bir yaradılış möcüzəsidir. Bəzən bu incəliklər o qədər həyatidir ki,
olmadıqları təqdirdə həyat dayanar, Dünya ölü bir planet halını alar.
İnsanın isə, bunların çox böyük bir hissəsini nəinki yoxdan var
etməyə, bənzərlərini belə yaratmağa gücü çatmaz.
Allah insana həyatı boyunca
nemətlər bəxş edər. İnsan, hər an surəti çıxarılan DNT-si, hər an
aldığı nəfəs, hər an döyünən ürəyi, hər nəfəsdə tənəffüs etdiyi
oksigen, hər an fırlanan Dünya, hər an hərəkət edən atomlar və daha
saysız incəlik sayəsində yaşaya bilir. Növbənöv yeməklər, Dünyaya "rəng"
gətirən günəş şüaları, fotosintez edən bitkilər, göydən enən su,
bitkilərə qida verən mikroorqanizmlər, dənizlər və daha saysız nemət
bu dünyada həyatın davamlılığına vəsilə olar. Dünyanın mövqeyi,
günəşin, ayın varlığı, bunların dünyaya uzaqlıqları, Samanyolu
qalaktikası içindəki yerləri, böyüklükləri, meylləri, orbitləri,
ehtiva etdikləri bütün qazlar, molekullar, atomlar, insanın mövcud
olmasına uyğun xüsusi şərtlərlə yaradılmışlar. İnsan, yaşaya
biləcəyi şəkildə, saysız nemətlərlə birlikdə qüsursuz bir şəkildə
yaradıldığını düşünməlidir və bunların hamısı, ona əhəmiyyətli bir
həqiqətin xatırladıcılarındandır:
İnsanı yoxdan yaratmış olan Allahdır. Onu və onun
ətrafını əhatə edən bütün gözəllikləri, fərqində olduğu və ya
olmadığı bütün nemətləri, bu nemətlərin ən kiçiyini və ən böyüyünü
davamlı olaraq yaradan və bunların hər birində heyranlıq oyandırıcı
incəlikləri var edən Uca Allahdır. Bu, Allahın incəlik sənətidir.
Allah, sonsuz ağlı ilə insanların qavraya bilmədikləri, hələ xırda
incəliklərini kəşf edə bilmədikləri sistemlər yaratmış, hər
ayrıntının içində Öz Ucalığını və qüdrətini göstərən daha da incə
gözəlliklər var etmişdir. Yoxdan var edən, hər şeyi dilədiyi kimi
təqdir edən və onları hər an dilədiyi kimi yaratmağa qadir olan Uca
Allah üçün şübhəsiz, bu son dərəcə asandır. Allah diləsə, əlbəttə,
bunların hamısını aradan qaldırıb yox edə bilər. İnsana düşən vəzifə,
özünə qarşılıqsız təqdim edilən bu nemətlərə şükür etmək, Allaha
möhtac olduğunu bilmək və yalnız Ona yönəlməkdir.
Bu sayt
Allahın ayələrdə bildirdiyi bu əhəmiyyətli həqiqəti xatırlatmaq üçün
hazırlanmışdır.

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə
təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin
hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər
şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər
şeyi bilir. Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan
Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya
qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin
nə etdiklərinizi görür.
(Hədid surəsi 1-4)


|